"Abşeron” NQÇİ-nin sifarişi ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Pirallahı-Dənizin şimal qırışığı” yatağı üçün 1100 nömrəli platforma hazırlanmışdır. Platforma 9 blokdan ibarətdir. Hər blokun hündürlüyü 17 metr, çəkisi 100 tondur. "General Əliağa Şıxlinski” kran gəmisi artıq 6 bloku yatağa nəql edir. Yataqda dənizin səviyyəsi 8 metrdir. Bu platformadan 800 metr dərinliyə 14 quyu qazılacaqdır ki, quyuların hər birindən sutkada 6-7 ton neft hasil olunacağı gözlənilir. "Pirallahı” yatağı 1902-ci ildən istismardadır. Ötən 107 il ərzində buradan 27 milyon ton neft hasil edilmişdir. Yatağın qalıq çıxarılabilən neft ehtiyatlarının həcmi 2 milyon ton təşkil edir. Yataqda hal-hazırda 388 quyu fəaliyyətdədir. Onlardan sutkada 200 ton həcmində neft hasil olunur. Bundan başqa, yataqda ilk dəfə olaraq böyük dərinliyə (2050 metr) kəşfiyyat quyusunun qazılması nəzərdə tutulub ki, bu da "Pirallahı” yatağında Qala Lay Dəstəsinin neftverimliliyini yoxlamaq üçündür. ARDNŞ rəhbərliyi qazma işlərinin genişləndirilməsinə lazımi vəsait ayırmaqla "Abşeron” NQÇİ-də neft-qaz hasilatını sabit saxlamaqdadır. Hər il yataqda 25-30 yeni quyu istismara verilir, yeni platformalar işə salınır, fəaliyyətdə olanlar genişləndirilir.