107 yaşlı "Pirallahı” yatağında 2 yeni quyu istismar fonduna daxil edilib
"Abşeronneft” NQÇİ-nin "Pirallahı” yatağında 2 yeni quyu istismara daxil edilib. 725 metr dərinlikdən quyulardan biri sutkada 3 ton, digəri isə 3,5 ton neft verir. Sahəsi bir o qədər də böyük olmayan "Pirallahı” yatağı 1902-ci ildə istismara daxil edilib. Yataqda istismara verilmiş ilk - 44 nömrəli quyu sutkalıq 3,2 ton neft debiti ilə işə düşmüşdü. Ötən 107 il ərzində yataqdan 27 milyon ton neft hasil edilib. Bu gün də "Pirallahı” yatağı iqtisadi cəhətdən maraq kəsb edir. Son hesablamalara əsasən, yatağın qalıq neft ehtiyatlarının həcmi 2 milyon tondur. "Pirallahı” yatağının hazırkı fəaliyyətdə olan quyu fondu 388 ədəddir. Sutkalıq neft hasilatının həcmi 200 tondur. Yeni quyular sutkalıq 3-4 ton debitlə istismara verilir. Quyular dərin deyil – maksimal dərinlik 900 metrdir. Bu səbəbdən də onlar tez qazılır və öz xərcini tez ödəyir. Bu il Pirallahı adasında 8 yeni quyunun istismara verilməsi planlaşdırılır. Həmin quyular ildən-ilə qeydə alınan neft hasilatının azalmasını kompensasiya etməlidir. Həmçinin bu il yataqdan böyük dərinliyə (2050 metr) bir kəşfiyyat quyusunun (1020 nömrəli quyu) qazılması nəzərdə tutulub. Geoloqlar bununla Qala lay dəstəsinin neftverimliyini tədqiq etmək istəyirlər.